Saturday, July 4, 2015

Tikinti milli iqtisadiyyatın məhsul istehsal edən sahələrindən biridir. Onun fəaliyyəti sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondlar yaratmaqdan, daşınmaz əmlakın bərpasını, əsaslı və cari təmirini həyata keçirməkdən ibarətdir. Tikinti iqtisadi və sosial sektorlarda elmi-texniki tərəqqinin sürətlənməsi, inkişafın sahəvi və regional proporsiyalarının təkmilləşdirilməsi üçün maddi texniki bazanın formalaşdırılmasında, ölkənin iqtisadi potensialının artırılmasında və müdafiə qabiliyyətinin yüksəldilməsində bilavasitə iştirak edir. Müasir maşın və mexanizmlərlə təchiz olunan tikinti-quraşdırma təşkilatları onun institusional vahidləridir. 
Azərbaycanda tikinti sənayesinin inkişafı neft sənayesinin inkişafı ilə daha sıx bağlı olmuşdur. XIX əsrin 2-ci yarısından başlayaraq, Bakıda bir çox neft emalı müəssisələri, yeraltı və yerüstü mühəndis kommunikasiyaları, ən başlıcası isə Bakının neft milyonçularının öz vəsaitləri hesabına bir-birindən yaraşıqlı və milli memarlıq ənənələrinə uyğun müxtəlif təyinatlı binalar (Bakı-Şollar su kəməri, Z.Tağıyevin toxuculuq fabriki, “İsmailiyyə” (indiki AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi bina), Murtuza Muxtarovun evi (indiki “Səadət Sarayı”), şəhər meriyasının binası (indiki Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi bina), 1 saylı şəhər klinik xəstəxanası (keçmiş Semaşko adına xəstəxana), Dövlət Flarmoniyasının binası, Z.Tağıyevin evi (indiki Tarix muzeyi) və s.) tikildi. 
XX əsrin əvvəllərində neft sənayesinin bərpası ilə bağlı tikinti işləri Azərneft birliyinin rayonlardakı tikinti-quraşdırma təşkilatlarının gücü ilə həyata keçirilmişdi. 1928-ci ildə onların əsasında “Bakışəhərtikiniti” adlı səhmdar cəmiyyəti  yaradıldı. Cəmiyyətin təsisçiləri Azərneft Birliyi, Bakı Soveti, Dəmir Yol İdarəsi və Xəzər Gəmiçiliyi İdarəsi olmuşdur. Azərbaycanda 1930-cu ilə qədər "Rus-alman tikinti" səhmdar cəmiyyəti fəaliyyət göstərmişdi. 1930-cu ildən onun hüquqi varisi "İstibeton" tresti olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi artdığına görə sonrakı illərdə Azərneftzavodtikinti, Azərnefttikinti, Bakı Su Kəməri Tikinti, Azərneftkompresstikinti, Azərneftmaştikinti, Azərneftelektromontajtikinti, Azərneftmənziltikinti, Qafqazenerjitikinti trestləri və b. ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatları yaradılmışdır. 1920-41-ci illərdə yuxarıda göstərilən tikinti təşkilatlarının gücü ilə 1267 mln. rubl həcmində kapital qoyuluşu istifadə edilmiş və 818 mln. rubl həcmində tikinti-quraşdırma işləri yerinə yetirilmişdi. 90 iri dövlət müəssisəsi və çoxsaylı sexlər tikilib istifadəyə verilmiş, xeyli sayda mövcud fabrik və zavod rekonstruksiya edilmiş, yeni avadanlıqla təchiz olunmuşdu. Bu dövrdə Bakı neft emalı zavodu (sonradan Qarayev adına zavod), Neftçala və Bakı yod zavodları, Keşlə maşınqayırma zavodu, "Qırmızı Oktyabr" mebel fabriki, Volodarski adına tikiş fabriki, bir çox pambıqtəmizləmə və konserv zavodları, çay fabrikləri bu dövrdə tikilmişdir.
1920-11-ci illərdə ümumi sahəsi 6518 min m2 olan yaşayış evləri, İkinci dünya müharibəsi illərində 13 iri sənaye müəssisəsi, o cümlədən Sumqayıt istilik-enerji mərkəzi, 1 sayh Bakı ayaqqabı fabriki, Gəncə ət kombinatı və digər mühüm obyektlər tikilib istifadəyə verildi. Müharibə dövründə Zaqafqaziyasənayetikinti (1944), Mingəçevir SES-tikinti (1945), Kür-Arazsutikinti (1945) kimi iri tikinti-quraşdırma təşkilatları yaradıldı.
1946-50-ci illərdə müharibə dövrü ilə müqayisədə dövlət kapital qoyuluşu 4  dəfə artırılmış və 1 mlrd. rubldan çox olmuşdu. Bu vəsaitlərin hesabına 34 sənaye müəssisəsi, o cümlədən Bakıda elektrik maşınqayırma zavodu, radio zavodu, diyircəkli yastıqlar zavodu və başqa sənaye müəssisələri inşa edilmişdi.
1951-70-ci illərdə Respublikanın iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 15,3 mlrd. rubl həcmində kapital qoyulmuş və 196 iri dövlət sənaye müəssisəsi tikilmişdi (Sumqayıt sintetik kauçuk zavodu, Bakı şin zavodu. Azərbaycan boru-prokat zavodu, Sumqayıt alüminium zavodu, Mingəçevir SES, Əli Bayramlı Dövlət Rayon Elektrik Stansiyası və s.).
XX əsrin 70-ci illərdə Azərbaycan rəhbərliyi tərəfindən hazırlanmış və həyata keçirilmiş tədbirlər nəticəsində tikintidə yenidən əsaslı müsbət dəyişikliklər baş verdi. Belə ki, 1971-75-ci illərdə iqtisadiyyata kapital qoyuluşu 1966-70-ci illərə nisbətən 29% artdı. Kapital qoyuluşunun 45%-i sənayenin inkişafına yönəldildi. Bu dövrdə 64 yeni iri sənaye müəssisəsi, 32 yeni sex və istehsal sahələri tikilib istifadəyə verildi. İşə salınan obyektlər arasında Bakı məişət kondisionerləri zavodu, Sumqayıt kompressorlar zavodu, Bakıda tikiş və ayaqqabı hissələri fabrikləri, Xudat konserv zavodu, ilkin şərab istehsal edən 14 zavod, 4 pendir zavodu və digər xalq təsərrüfatı əhəmiyyəti olan obyektlər vardı. 1971-75-ci illərdə xalq istehlakı mallarının buraxılışı ilə məşğul olan sahələrdə daha intensiv inkişafa nail olundu. 64  iri müəssisədən 40-ı yüngül sənaye-yeyinti, ət-süd, unüyütmə və mebel sənayesi sahələrində işə salınmışdı. Maşınqayırma və kimya sənayesində mövcud müəssisələrin böyük miqyasda genişləndirilməsi, müasir texnika ilə yenidən silahlanması işləri aparıldı. Bu məqsədlə istehsal təyinatlı kapital qoyuluşlarının 70%-i istifadə edildi. Əgər ildə Azərbaycan Respublikasının sənayesi irili-xırdalı müstəqil balansa malik olan 735 müəssisəni özündə birləşdirirdisə, belə müəssisələrin sayı 1983-ci ildə 1062, 1985-ci ildə isə 1103-ə çatmışdı. 1969-83-cü illərdə hər il orta hesabla 23 sənaye müəssisəsi istismara verildi ki, bunların da 7-si (30, 4%-i) maşınqayırma sənayesi müəssisəsi idi. 
1971-75-ci illərdə mülki tikintidə də əhəmiyyətli dəyişikliklər baş verdi. Yeni evlər, kommunal-mədəniyyət-məişət, səhiyyə və maarif obyektlərinin tikintisinə yönəldilən dövlət və kooperativ müəssisə və təşkilatlarının kapital qoyuluşları 1328 mln. rubl təşkil etdi ki, bu da ümumi kapital qoyuluşlarının beşdə-birindən çox idi. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 6915 min elan 147,5 m2 olan 147,5 min mənzil, 179 min nəfərlik ümumtəhsil məktəbləri, 25,5 min nəfərlik uşaq və məktəbəqədər uşaq müəssisələri, 13 min nəfərlik kinoteatrlar, 34.8 min nəfərlik klub və mədəniyyət evləri, 5,9 min çarpayılıq xəstəxanalar, çoxsaylı məişət xidməti, kommunal təsərrüfatı və əhaliyə xidmət edən başqa sahələrin obyektləri tikilib istifadəyə verildi. 
1976-80-cı illərdə kapital qoyuluşu əvvəlki 5 ilə nisbətən 1,4 dəfə artırıldı. Bu dövrdə 80-dən çox sənaye müəssisəsi, istehsal gücləri və istehsal sahələri işə salındı. Onlardan yeni Bakı neft emalı zavodunda (indiki Heydər Əliyev adına Neft Emalı Zavodu) ED-AVQ ELOU-AVT qurğusu, Yevlax şəhərində yunun ilkin emalı fabriki, Sumqayıt şəhərində xovlu iplik fabriki, Gəncə şəhərində ət emalı və süd zavodları, Naxçıvan şəhərində un kombinatı, 50 heyvandarlıq kompleksi, quşçuluq fabrikləri, damazlıq təsərrüfatları tikilib istifadəyə verildi. Neftmaşınqayırma, kimya, neft kimyası, neft emalı və başqa sənaye sahələrinin yenidən qurulması, genişləndirilməsi və texnika ilə yenidən təhciz olunması həyata keçirildi.
Böyük miqyasda kapital qoyuluşlarının nəticəsi kimi, milli iqtisadiyyatın əsas fondları 1980-ci ildə 1970-ci illə müqayisədə 83%, o cümlədən əsas istehsal fond-ları 91% artmışdır. 
1970-80 illərdə iqtisadiyyata ümumi məbləği 16,8 mlrd. rubl olan kapital qoyuluşları yönəldilmiş, respublikada əsasını yüksək inkişaf etmiş sənaye təşkil edən çoxsahəli iqtisadiyyat yaradılmışdı. Bu dövrdə 176 sənaye müəssisəsi və istehsal sahələri tikilib istifadəyə verilmişdi. 80-ci illərdə tikintinin intensiv inkişafı Azərbaycanın çoxsaylı müasir maşın və avadanlığın, kimya, yüngül və yeyinti sənaye məhsulları istehsalının iri mərkəzinə çevrilməsi üçün maddi-texniki baza yaratdı. Sovet hakimiyyəti illəri ərzində respublika iqtisadiyyatının inkişafına yönəldilmiş kapital qoyuluşlarının  53%-i   1970-80-ci illərin  payına düşmüş, əvvəlki 10 ilin - 1960-70-ci illərin kapital qoyuluşları məbləğindən 2,1 dəfə çox olmuşdu.
1971-75-ci illərdə kapital resursları əsasən sənayenin istehlak malları istehsal edən sahələrinə yönəldilmiş, 1976-80-ci illərdə isə yanacaq-energetika kompleksi ön plana çəkilmişdi. Ölkənin iqtisadi müstəqilliyini təmin edən amillərdən biri olan bu kompleksin inkişafına sənayedə istifadə olunmuş kapital qoyuluşlarının 55-60%-i yönəldilmişdi, bu da ölkənin yanacaq-enerji balansım yaxşılaşdırmağa, özünütəminetmə konsepsiyasına xidmət etmişdi.
Son 30 il ərzində energetika sistemində 3 min MVt-dan artıq generasiya gücləri, ümumi uzunluğu 70 min km-ə yaxın elektrikötürücü xətləri istifadəyə verilmiş, beləliklə, ölkənin energetika sisteminin real imkanları 2 dəfədən çox artırılaraq müstəqil Azərbaycan dövlətinin enerji təhlükəsizliyi üçün möhkəm zəmin yaradılmışdır. Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü və müstəqil energetika sisteminə malikdir.
1993-95-ci illərdə ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması, nüfuzlu xarici şirkətlərlə "Əsrin müqaviləsi" nin imzalanması tikintinin dirçəlməsinə və yeni məzmunda inkişafına səbəb oldu. Artıq 1996-cı ildə əsas kapitala investisiyalar 1995-ci ilə nisbətən 2,1 dəfə artdı. 1997-ci ildə əsas kapitala investisiya qoyuluşuna görə 1990-ci il səviyyəsinə Azərbaycan MDB ölkələri arasında birinci olaraq çatdı. 2005-ci ildə bu göstərici 1995-ci ilin kapital qoyuluşundan 22,2 dəfə çox idi. 2004-ci ildə 1995-ci ilə nisbətən əsas kapitala investisiyaların indeksi Belorusda 2 dəfə, Qazaxıstanda 4,4 dəfə, Rusiyada 1,2 dəfə, Ukraynada 1,9 dəfə, Azərbaycanda isə 19 dəfə artmışdı. Müstəqillik dövrünün on beş ilində (1991-2005) Azərbaycanda əsas kapitalın inkişafına bütün maliyyə mənbələri hesabına 22666,9 mln. manat məbləğində investisiya yönəldilmişdi, bunun 78,3%-i 2001-05-ci illərin payına düşürdü. 1991-95-ci illərdə bu investisiyaların orta illik həcmi 71,3 mln. manat idi, 1996-2000-ci illərdə bu göstərici 910,7 mln. manata, 2001-2005-ci illərdə 3551,4 mln. manata çatmışdı. Əlverişli investisiya mühitinin yaradılması ölkə iqtisadiyyatına xarici investisiyaların iri miqyasda axınmı təmin etmişdir. 1996-2005-ci illərdə ölkənin əsas kapitalına yönəldilən 22310,3 mln. manat investisiyaların 68%-ini xarici investisiyalar təşkil etmişdir.
2003-2005-ci illərdə, Bakı şəhəri istisna olmaqla, digər regionlarda 1202,9 mln. manatlıq investisiya istifadə edilmişdi ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur. 2005-ci ildə bu regionların əsas kapitala investisiyalarda xüsusi çəkisi 3 dəfə artmış, 2003-cü il oktyabrın 1-indən 2006-cı il yanvarın 1-inə qədər olan dövrdə yaradılmış 346,5 min daimi iş yerlərində payı 173,1 min - 84 % olmuşdu.
Hazırda tikinti kompleksi milli iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilmiş, ÜDM-də onun xüsusi çəkisi 2005-ci ildə 1995-ci ildəki 3,7%-dən 10,0%-ədək artmışdır. Bu sahədə artıq 58,8 min nəfər və ya iqtisadiyyatda məşğul olanların 1,5%-i çalışır. 
Ölkədə inşaat, memarlıq və şəhərsalmaya aid dövlət siyasətini həyata keçlirmək respublikanın Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir.
1996-2005-ci illərdə ölkənin iqtisadi sosial həyatında mühüm əhəmiyyəti olan "Qurtuluş" qazıma qurğusu, Mingəçevir və Yenikənd SES-lərində turbinlər, Bakı istilik mərkəzində qaz-turbin qurğusu, Səngəçal terminalı "Coca-cola" və "Pepsi-cola" istehsalı zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda beynəlxalq aerovağzal kompleksi və yük terminalı, Sumqayıt etilen-polietilen zavodunda buxar-generator kompleksi, "European Tobacco» Baku" ASC-nin sexi (illik gücü 2.6 mlrd. ədəd siqaret), ildə 70 min t inşaat metal prokatı istehsal edən "Baku Steel Company" zavodu, Bakıda yuyucu toz zavodu (istehsal gücü 12 min t), Bakı fındıq emalı zavodu, Neftçalada nərə balığı yetişdirən zavod, Xaçmazda “Qafqaz Konserv” zavodu, Lənkəranda tomat və pivə istehsalı zavodları, Abşeronda "Azbentonit" zavodu, Naxçıvan Beynəlxalq Aeroportu, Şamaxı televizor zavodu, Vayxır hidroqovşağında su anbarı, Naxçıvanda süd məhsulu istehsalı sexi. Qax rayonunda fındıq emalı sexi, Şəkidə meyvə şirəsi istehsal edən zavod, Culfa-Naxçıvan magistral qaz kəməri, Babək rayonunda beton istehsal edən zavod, Bakı, Gəncə, Naxçıvan, Quba və digər şəhərlərdə olimpiya-idman kompleksləri, müasir mehmanxana kompleksləri ofis binaları, iş mərkəzləri, bərkörklü avtomobil yolları və s. obyektlər tikilib istifadəyə verilmişdir. Qaradağ sement və Xırdalan pivə zavodları yenidən qurulmuşdur. 2001-05-ci illərdə iqtisadi inkişaf üçün həlledici rol oynayan 108 sənaye müəssisəsi, sexi və istehsal sahəsi tikilib istismara verilmişdir.
Tikinti-quraşdırma işlərinin maya dəyərinin 55-65%-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir. Tikintinin material resurslarına olan tələbatının təqribən 80%-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir.